Azərbaycandakı kənd ilə Türkyənin dronunu birləşdirən kəlmənin sirri | Hərb tariximiz

 Azərbaycandakı kənd ilə Türkyənin dronunu birləşdirən kəlmənin sirri   | Hərb tariximiz
  08 Noyabr 2022    Oxunub:4586
Türkiyənin STM və “Roketsan” şirkətləri tərəfindən birlikdə hazırlanan yeni ALPAGUT süzən sursat (kamikadze PUA) sistemi ilk dəfə SAHA EXPO sərgisində təqdim edilib. Təqdimatı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir, “Roketsan”ın baş direktoru Murat İkinci və STM-nin baş direktoru Özgür Güleryüz həyata keçiriblər.
ALPAGUT 60 kilomter zərbə radiusuna, gecə/gündüz verilən tapşırıqları yerinə yetirmək, 1 saat havada qalmaq və müxtəlif tipli döyüş başlıqlarından istifadə etmək qabiliyyətinə malikdir. Süzən sursatı quru, hava və dəniz platformalarından buraxıla bilər. Bura havadan ATAK II, GÖKBEY helikopterləri, “Akıncı”, “Aksunqur”, “Anka” və TB-3 PUA-ları, qurudan təkərli və tırtıllı nəqliyyat vasitələri, dənizdən isə MİLGEM korvetləri, pilotsuz dəniz katerləri və “İ” sinfinə aid olan freqatlar daxildir.

Sursat düşmənin yüngül zirehli texnikalarını, canlı qüvvəsini, hava hücumundan müdafiə sistemlərini, komanda məntəqələrini, rabitə və radar mərkəzlərini məhv etmək gücündədir.

Ən maraqlı məqamlardan biri sursatın adı ilə bağlıdır. “Alpaqut” - "qurd soylu", "təkbaşına cəngavər", "müqəddəs igid", "müqəddəs döyüşçü", "milli və bəşəri ideallar uğruna döyüşən igid" mənalarını verir. Alp - türk və Altay əfsanələrində cəngavər deməkdir. Orduya lazım olanda döyüşə qatılan xüsusi təyinatlıları ifadə edir.

Alpaqutlar Xaqanın yanında olduqları yerə görə fərqli adlarla tanınardılar. Dağların çox yüksək yamaclarında yetişən bir bitkiyə "Alpyıldızı" adının verilməsi təsadüf olmayıb, bu adın ucalıq ehtiva edən möhtərəmliyi ilə əlaqəlidir.


Alpaqut -Turan döyüş sistemlərinin yarışma qaydalarına daxil edilib. Yarışma zamanı sağ istiqamətdə olan idmançı «Çoro», sol istiqamətdə olan idmançı «Yoro» adlanır.
Alpaqutun Hunlardan bəri rütbə kimi istifadə edildiyi təsdiqlənib. Uyğurlarda da “döyüşçü” mənasında istifadə edilən bir söz olduğu bildirilir. Hunlarda ordu komandirlərindən indiki “mayor” rütbəsinə bərabər rütbə olub. Bu adı almaq üçün qəhrəmanlıq, cəsarət və güc tələb olunurdu.

“Alpaqut”lar boylar içərisində imtiyazlı mövqedə olublar. Doqquz xüsusiyyətə sahib olmaları lazım idi: 1) Sağlam ürək, 2) Qüvvətli qol, 3) Məharət, 4) Xüsusi geyim, 5) Yaxşı yay, 6) Qılınc, 7) Süngü, 8) Mizraq, 9) Yaxşı bir yoldaş.

Səlcuqlar dönəmində bu rütbə şahzadələrə verilirmiş. Alpaqut Osmanlılarda “dünyaya hakim olmağı qarşısına məqsəd qoyan şəxsiyyət” anlamında «Akınçı»ya çevrilmişdi.

Zamanla köçəri həyatdan oturaq həyata keçən “Alpaqut”lar öz bölgələrinə eyni adı verirdilər. Türk dünyasında bu cür adlandırılan bir çox məskunlaşma yerləri var. Azərbaycanda olan Alpaut kənd adı buna sübutdur. 1819-cu ildə hazırlanmış sənədə görə Şəki Xanlığının ərazisi 9 administrativ əraziyə bölünmüşdü, onlardan biri də Alpaut mahalı idi. Azərbaycanın Ağdaş, Şamaxı, Qazax, mahallarında və eləcə də Qarabağda Alpaut, Alpaqut, Alpavut adında kəndləri indi də var.


“Alpaqut Türkmən” tayfasının ilk məskunlaşma ərazilərindən biri Azərbaycanın Şirvan bölgəsidir. Zamanla Alpaqut türkmənlərindən bəzi qruplar köç edərək Anadoluya, hətta Balkanlara qədər yerləşdilər. Yerləşdikləri bir çox yerlərə öz adlarını verdilər.

* * *

Azərbaycanda 2012-ci ildən Alpaqut Federasiyası fəaliyyət göstərir. Bu idman növü beynəlxalq dərəcəli idman ustası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif Namazov tərəfindən ərsəyə gətirilib. Yəni azərbaycanlılar tərəfindən yaradılan və dünya miqyasına çıxarılan milli idman növüdür, döyüş sənətidir. Federasiyanın sabiq prezidenti Aqil Acalov həm dünya, həm də Azərbaycan Alpaqut Federasiyasının təsisçilərindəndir. 2012-ci ildən başlayaraq 5 il müddətində federasiyaya rəhbərlik edib.


- Rəhbərliyim müddətində bir çox uğurlara imza atmışıq,- Aqil Acalov "AzVision"a deyib,- Həm Azərbaycanda, həm də 10-dan çox ölkədə bu idman növünü yayıb inkişaf etdirmişik. Dünyada bir çox idman növləri var. Hər bir ölkənin döyüş sənəti müxtəlif və özünəməxsusdur. 11 imperiya,16 dövlət qurmuş döyüşkən türk millətinin də özünün döyüş sənətinin olmaması mümkün deyil. Uzun araşdırmalardan sonra gördük ki, hər bir türk xalqının - tatarlarların, altayların, qazaxların, qırğızların, özbəklərin, azərbaycanlıların, Türkiyə türklərinin özünəməxsus döyüş sənəti var. Hər türk ölkəsinin döyüş sənətindən müəyyən hərəkətlər götürülərək birləşdirildi və müasir dövrün idman qaydalarına uyğun olaraq yeni bir döyüş sənəti yaradıldı.

Döyüş sənəti yeni olsa da, tarixi kökü qədimlərə dayanır. Məqsədimiz türkçülük, turançılıq ideologiyasının təbliği idi. Sırf idman sahəsində tariximizi, mədəniyyətimizi təbliğ etmək istədik.


Qədim dövrlərdə türklərdə belə bir adət vardı, uşaq 4- 5 yaşına çatdıqda oxla bir siçan vururdusa, 10 yaşına çatdıqda artıq at belində siçanı vurmalı idi. Əgər indiki dövrdə uşaq bağçaya, məktəbə gedirsə, o dövrdə uşaq böyüyə-böyüyə əlində qılınc oynatmağı öyrənirdi. 13-14 yaşında yetişmiş döyüşçülər arasından ən çox fərqlənənlər seçilirdi. Müasir dildə desək, xüsusi təyinatlı döyüşçülər olurdular. Alpaqutlar da həmin dövrün xüsusi təyinatlı döyüşçüləri idilər.

İdman növünün fəlsəfəsi olmur, ancaq döyüş sənətinin olur. Alpaqut doyüş sənətinin Koreya, Çin, Yapon idman növlərindən fərqi odur ki, fəlsəfəsində türkçülük, turançılıq dayanır. Şərqi Asiya döyüş sənətlərinin fəlsəfəsində isə təbiətə istinad var. Məsələn, “pələng stili”, “yarpağın düşməsi stili” kimi. Lakin Alpaqut döyüş sənətində fəlsəfə bizim tariximizdən, döyüş salnamələrimizdən götürülür. Alpaqut da həm yarış qaydasıyla, həm fəlsəfəsiylə fərqlənir.



Şahanə Rəhimli
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.10.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.



Teqlər:





Xəbər lenti